CƏMİYYƏT
Rusiya müsəlmanlarının birinci qrupu Həcc ziyarətinə yola düşüb
Moskva, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Rusiya müsəlmanlarının birinci qrupu Başqırdıstanın paytaxtı Ufa şəhərindən Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yola düşüb.
Bu barədə Rusiya Müftilər Şurası sədrinin müavini Ruşan Abbayasov TASS Agentliyinə məlumat verib.
Cari ildə ilk dəfə Rusiyada Həcc ziyarəti üçün ayrılmış kvotanın 20 faizi istifadə olunmayıb. Rusiya müsəlmanları üçün ayrılan 16,4 min yerin yalnız 12 mini istifadə edilib. Rusiya Müftilər Şurasında bunu rublun məzənnəsinin aşağı düşməsi və müvafiq olaraq, yol xərcinin yüksək olması ilə əlaqələndiriblər. Turizm firmalarının məlumatına görə, ziyarəti bu il Rusiya zəvvarlarına 2,9-8,5 min ABŞ dollarına başa gəlib.
Bundan əlavə, Səudiyyə Ərəbistanının tələblərinə əsasən, bu ildən hər bir zəvvar elektron çip quraşdırılmış xarici pasportla ölkəyə buraxılır. RF Federasiya Şurasının sədr müavini İlyas Umaxanov müvafiq orqanlara bu məsələdə zəvvarlara yardım göstərilməsi barədə tapşırıq verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva