MƏDƏNİYYƏT
Rusiya portalı Bakıda və Dubayda istirahəti müqayisə edir
Bakı, 25 oktyabr, AZƏRTAC
Rusiyanın “Life turizm” portalı Azərbaycanın turizm potensialı haqqında “Bakı Birləşmiş Ərəb Əmirliklərindən nə ilə yaxşıdır” adlı məqalə dərc edib. Portalın müəllifi Anna Karas məqaləsində Birləşmiş Ərəb Əmirliklərindən yenicə qayıtmış Bakı sakini Türkay Manafovun istirahət yeri seçimində nə üçün Bakının daha üstün olması barədə fikirlərinə yer ayırıb.
T.Manafov deyib: “Doğma şəhərimi tez-tez Dubayla müqayisə edirlər, bu da kifayət qədər məntiqli, lakin o qədər də doğru müqayisə deyil. Dubay 1996-cı ildə inşa olunmağa başlayıb, Bakı isə böyük tarixə malikdir. Təkcə Qız Qalası, məscidlər və hamamları ilə İçərişəhəri buna nümunə göstərmək yetər. İçərişəhərdə çəkilmiş “Brilyant əl” filmini isə hamımız xatırlayırıq. Lakin Bakı və Dubayı birləşdirən ümumi cizgilər – bu şəhərlərin rəmzi olan göydələnlər var. Hər iki şəhərin neft sayəsində zənginləşməsi də faktdır”.
“Life turizm” portalı Bakı sakininin dilindən nəql edir: “Əksər səyyahları Bakının təmizlik və səliqəsi heyran edir. Əvvəlcədən spektik köklənmiş turistlər dərhal şəhər haqqında fikirlərini dəyişir. Bakı artıq çoxdan sovet kurortu deyil. “Alov qüllələri” kompleksi, Heydər Əliyev Mərkəzi, “Hilton”, “Hyatt”, “Four Seasons” otellər şəbəkəsi buna parlaq sübutdur.
Daha sonra məqalədə Azərbaycana aviabiletlərin ucuz qiymətləri, Bakı otelləri, restoranları və şəhərin görməli yerləri haqqında danışılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva