MƏDƏNİYYƏT
Rusiya rejissoru Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasına quruluş verəcək
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında beynəlxalq layihə əsasında hazırlanacaq yeni uşaq tamaşasının məşqlərinə start verilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni səhnə əsəri rusiyalı rejissor, Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət Məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanın quruluşunda hazırlanacaq.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov qonaq rejissoru truppaya təqdim edərək deyib: “Rejissor teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin “Çipollino” əsəri əsasında eyniadlı tamaşaya quruluş verəcək. Tamaşanın səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır”.
Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova və başqaları ifa edəcəklər.
İyunun 25-də premyerası olacaq “Çipollino” ilə teatrın 89-cu mövsümü yekunlaşacaq.