REGİONLAR
Rusiya telekanalı Azərbaycanın turizm imkanları barədə reportajlar yayımlayıb VİDEO
Xaçmaz, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Rusiya Federasiyanın “Astarxan 24” telekanalında Azərbaycanın turizm imkanları barədə videomateriallar yayımlanıb.
Xüsusi reportajlarda Bakı, Gəncə, Xaçmaz, Quba, Qusar, Şabran, Şəki, Lənkəran və Mingəçevirin turizm potensialı haqqında ətraflı məlumat verilib. Telekanalda yayımlanan materiallarda bu regionların turizm potensialından, turistlərin diqqətini daha çox cəlb edən tarixi abidələrdən, təbiət mənzərələrindən və turizm obyektlərindən danışılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın turizm potensialının Rusiyanın “Astarxan 24” kanalı vasitəsilə təbliği” layihəsi çərçivəsində ümumilikdə doqquz reportaj yayımlanıb.
“Astarxan 24” kanalı peyk, kabel şəbəkələri və internet vasitəsilə yayımlanır. Kanal Həştərxan vilayəti kabel operatorlarının şəbəkələrində təmsil olunur. Kanalı kabel yayımından izləyənlərin sayı 200 min nəfərdən çoxdur.