CƏMİYYƏT
Rusiya və Azərbaycan gəncləri: gələcəyə istiqamət
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında “Rusiya və Azərbaycan gəncləri: ənənəvi dəyərlər gələcəyə istiqamətdir” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şimal-Cənub” Politologiya Mərkəzinin, “Baku Network” Ekspert Şurasının və “Trend” Beynəlxalq İnformasiya Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış politoloqlar, jurnalistlər, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi, tarix elmləri namizədi, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Ülkər Mehdiyeva beynəlxalq arenada müasir Azərbaycan imicinin formalaşmasında gənclərin rolundan danışaraq qeyd edib ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) bu istiqamətdə daha müvəffəqiyyətlə fəaliyyət göstərir.
O deyib: “Hazırda RAGB RF-də elm, mədəniyyət, idman, təhsil və xeyriyyə xarakterli layihələr həyata keçirən ən iri ictimai təşkilatlardan biridir. Bütün bu layihələrin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyevadır. O, Rusiyanın 70-dən çox regionundan olan azərbaycanlıların gənc nəslinin nümayəndələrini öz rəhbərliyi altında birləşdirməyə müvəffəq olub.
Maraqlıdır ki, Leyla Əliyeva Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri sahəsində ən uğurlu piar-layihəsi olan “Baku” jurnalının da baş redaktorudur. “Baku” jurnalının fəaliyyətinin öyrənilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İctimaiyyətlə əlaqələr” tədris kursunun proqramına daxil edilib”.
“Dəyirmi masa” başa çatandan sonra M.V.Lomonosov adına MDU-nun İnformasiya-Təhlil Mərkəzinin baş redaktorunun müavini Darya Çijova və “EXO.az” qəzetinin şərhçisi Cəmilə Ələkbərova Akademiyanın tələbələri üçün “Kim necə gənclər lideridir” mövzusunda treninq keçiriblər.