CƏMİYYƏT


Rusiya və Azərbaycan qeyri-maddi mədəni irsin qorunması sahəsində təcrübə mübadiləsi apara bilər

Moskva, 23 yanvar, AZƏRTAC

Rusiya İctimai Palatasında “Əsrləri bağlayan tellər” mövzusunda mədəni-maarif forumu keçirilib. Bütün Rusiyanın müxtəlif şəhər, kənd və qəsəbələrindən bu foruma gəlmiş folklor kollektivləri öz bölgələri üçün səciyyəvi olan, indiyə qədər qeydə alınmayan xalq yaradıcılığı nümunələrini tədbir iştirakçılarına təqdim ediblər. “Dəyirmi masa”larda və iclaslarda müasir dünyada ənənəvi mədəniyyəti necə qoruyub saxlamaq barədə müzakirələrdə mədəniyyət müəssisələrini, ictimai və siyasi təşkilatları, habelə hakimiyyət orqanlarını təmsil edən 250 nümayəndə iştirak edib.

Tula vilayəti İctimai Palatasının üzvü, V.D.Polenov adına muzey-qoruğun direktorunun elmi işlər üzrə müavini Natalya Qramolina deyib: “Burada deyilənlərin hamısını gənclər eşitməlidir. Hər bir gənc başa düşməlidir ki, o, heyrətamiz bir irsə malikdir və özü də keçmişlə gələcəyi birləşdirən zəncirin bir halqasıdır. Əgər bu zəncir qırılsa, gələcək olmayacaq”.

Federasiya Şurasının Sosial siyasət komitəsinin üzvü Yelena Bibikova qeyd edib ki, bu məqsədə nail olmağın ən təbii yolu mədəni irsin ailə vasitəsilə, təhsil, yaşlı nəslin nümayəndələri ilə söhbətlər vasitəsilə ötürülməsidir. Xüsusən ona görə ki, bu, yaşlı insanların fəal ictimai həyata cəlb olunmasına kömək edər. Senator deyib: “İndiki vaxtda bizim bu məsələyə marağımız həmişəkindən daha çoxdur. Bizim cəmiyyətdə yaşlı nəslin nümayəndələrinə münasibətdə yeni, müasir siyasətə tələbat var. Bu insanlar bilik və təcrübənin, ənənələrin və mədəniyyətin daşıyıcılarıdır. Nəsillərin varisliyi olmasa, bütün bunları qoruyub saxlamaq qeyri-mümkündür”.

Burada ən vacib məsələ xalq mədəniyyətinin gənclərin qəlbinə yol açması üçün dil tapmaqdır. Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Nataliya Krasovskaya bu işin xüsusi əhəmiyyəti barədə danışıb. Ekspert deyib: “Bu qiymətli sərvətin gənclərə ötürülməsi çox vacibdir. Lakin eyni zamanda başa düşməliyik ki, gənclər obyektlər deyil, subyektlərdir. İnanılmaz dərəcədə populyar olan “Buranovskiye babuşki” kollektivi ilə bağlı təcrübə çox uğurlu olub. Əgər biz müvafiq üsulları özümüz müəyyən edə bilmiriksə, qonşuların müsbət təcrübəsini öyrənmək olar. Məsələn, Azərbaycanda böyüklü-kiçikli hər kəs “Ləzginka” rəqsini ifa etməyi bacarır. Bu, çox çətin rəqsdir, lakin onun ifa olunmasını evdə, məktəblərdə öyrədirlər. Ənənəvi mədəniyyətin gənclərə çatdırılması üsullarını axtarmaq lazımdır, bu halda əsrləri bağlayan tellər qırılmaz”.

Xatırladaq ki, bu il MDB-nin mədəni paytaxtı kimi məhz Azərbaycanın Gəncə şəhəri seçilib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev forumdakı çıxışında qeyd edib ki, Azərbaycanın ən gözəl və qədim şəhərlərindən biri olan Gəncə bu hüququ, o cümlədən, həm azərbaycanlıların, həm də bu ölkədə yaşayan bütün xalqların nümayəndələrinin ənənəvi mədəniyyətə qayğıkeş münasibəti sayəsində qazanıb. Deputat deyib: “Azərbaycan onun ərazisində yaşayan etnosların maddi və qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına yönəlmiş ardıcıl siyasət yürüdür. Burada hər bir xalqın, o cümlədən rus xalqının mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qəbul edilir. Gəncə isə beynəlxalq festivallar keçirilən şəhər kimi Azərbaycanın hüdudlarından uzaqlarda da məşhurdur. Belə tədbirlər bütün dünya ölkələri ilə, ilk növbədə Rusiya ilə dostluq əlaqələrinin möhkəmlənməsinə və mədəniyyətin qorunub saxlanmasına kömək edir”.

Rusiya İctimai Palatasının İctimai diplomatiyanın inkişafı və xaricdə yaşayan həmvətənlərə dəstək komissiyasının sədri Yelena Sutormina qeyd edib ki, mədəni forumlar, o cümlədən folklor forumları müxtəlif ölkələrdən olan insanlar arasında münasibətlər yaradılmasının ən təsirli üsullarından biridir. İnsanlar birbaşa ünsiyyətdə olanda, birlikdə xeyirxah işlər görəndə onları ayırmaq çətindir. Hər bir mədəniyyətin əsas dəyərləri olan sevgi, dostluq və sülh məhz bu yolla qorunub saxlanılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.