CƏMİYYƏT
Rusiyada “Müasir Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda esse müsabiqəsi keçirilir
Bakı, 1 sentyabr, AZƏRTAC
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Müasir Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda esse müsabiqəsinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Rusiyada yaşayan azərbaycanlı gənclər üçün nəzərdə tutulan müsabiqə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, habelə Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.
ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir. Essenin məzmunu ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycanın müstəqillik tarixi mövzularını əhatə etməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər yazılarını 2016-cı il oktyabrın 1-dək [email protected] və [email protected] elektron poçtlarına göndərə bilərlər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Mükafatların təqdimat mərasimi oktyabrın 9-da Moskvada Azərbaycan icması evində keçiriləcək.
Qeyd edək ki, ASGA tərəfindən Rusiyadakı azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevə həsr olunmuş yazı müsabiqəsi artıq üçüncü dəfə keçirilir.