DÜNYA
Rusiyada alkoqollu içkilərin, çayın və kofenin qiyməti bahalaşır
Bakı, 23 dekabr, AZƏRTAC
Riyelterlər idxal olunan alkoqollu içkilərin 15-20 faiz, çayın və kofenin qiymətinin isə 25-30 faiz bahalaşdığı barədə xəbərdarlıq alıblar. Bu barədə X5 Retail Group ticarət şəbəkəsinin nümayəndəsi Vladimir Rusanov bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, AHMAD TEA kompaniyasının Rusiyadakı eksklüziv distribüteri “СДС-ФУДС” şirkətinin biznesin inkişafı və marketinq əlaqələri departamentinin rəhbəri Olesya Karpaceva bazara mal satışını dayandırmadıqlarını, lakin çay hərracları dollarla aparıldığından qiymətləri 15-20 faiz bahalaşdırmağa məcbur olduqlarını deyib.
Bir qədər əvvəl Rusiyaya alkoqollu içkilərin iri idxalçısı olan Simple şirkətinin direktoru Maksim Kaşirin rublun məzənnəsinin qeyri-sabit olması ilə əlaqədar bu ölkəyə mal gətirilməsində fasilə götürdüklərini bildirmişdi.
Rusiya təbii şirə bazarının mühüm iştirakçısı olan “Sadı Pridonya” kompaniyası da yeni qiymətləri qəbul etməyən ticarət obyektlərinə mal satışının dayandırıldığı barədə məlumat verib.