DÜNYA
Rusiyada elektron xidmətlər vergiyə cəlb olunacaq
Bakı, 9 iyul, Ramiz Quliyev, AZƏRTAC
Rusiya Dövlət Duması tərəfindən qəbul edilən qanun layihəsinə görə, xarici şirkətlərin hamısı Rusiya Federasiyası ərazisində elektron xidmətlərin göstərilməsinə aidiyyəti olan bütün əməliyyatlardan ƏDV ödəməyə borcludur.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, qanun layihəsinin qəbulu yerli şirkətlər ilə Rusiya ərazisində internet vasitəsilə biznes aparan xarici təşkilatların mövqelərini bərabərləşdirməyə yönəldilib. Bundan əlavə, siyahıya reklam sahəsində xidmətlər, pullu elanların yerləşdirilməsi, video və audio materiallardan istifadə, elektron resursların satışı və s. də daxildir.
Beləliklə, 2017-ci ilin yanvar ayının 1-dən Rusiyanın Vergi Məcəlləsinə “Elektron xidmətlər” anlayışı əlavə ediləcək və həmin xidmətlərin siyahısı açıqlanacaq.
Qanun layihəsinin müddəalarına əsasən, bu cür xidmətlərin göstərilmə yeri onun alıcısının yaşadığı ərazi hesab ediləcək. ƏDV ödəyicisi olan xarici təşkilatlarla əlaqə Rusiya Federal Vergi Xidmətinin saytı vasitəsilə həyata keçiriləcək. Uçota durmaq üçün vergi ödəyicisi sadə elektron formanı dolduracaq, bundan sonra ona VÖEN veriləcək və ƏDV ödəyicisinin “şəxsi kabinetinə” giriş imkanı yaradılacaq.
Bundan sonra isə bəyannamələrin təqdim edilməsi, məktubların göndərilməsi və qəbulu “şəxsi kabinet” vasitəsilə həyata keçiriləcək.