DÜNYA
Rusiyada gəlir vergisinin dərəcəsi artırıla bilər
Bakı, 14 aprel, AZƏRTAC
Rusiyada hökumət yeni 21/20 vergi sxeminin tətbiqi ilə bağlı müzakirələr aparır. Bu sxem çərçivəsində ölkənin bütün regionlarında ticarət rüsumu tətbiq edilə, gəlir vergisinin dərəcəsi isə 15 faizə qaldırıla bilər.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumət sosial sığorta sistemində ümumi ödəniş məbləğini 21 faizədək aşağı salmağı planlaşdırır. Bununla yanaşı, ƏDV dərəcəsinin 20 faizədək artırılması da müzakirə mövzusudur.
Ölkənin ticarət-sənaye palatasının rəhbəri Sergey Katırin hesab edir ki, bu cür kəskin dəyişmə iqtisadiyyata mənfi təsir göstərə bilər: “Bununla vətəndaşların gəlirləri, eləcə də işgüzar fəallığı azalacaq, Pensiya Fondununsa dövlət büdcəsi hesabına artırılması zərurəti qaçılmaz olacaq”.
Palata rəhbərinin rəyinə görə, iqtisadi islahatlar öncə biznesin stimullaşdırılmasına yönəldilməlidir.
Hazırda Rusiya Federasiyasında gəlir vergisinin dərəcəsi 13 faiz, əlavə dəyər vergisinin dərəcəsi isə 18 faiz təşkil edir.