ELM VƏ TƏHSİL


Rusiyada və Azərbaycanda təhsil: maksimal əməkdaşlıq rejimi

Moskva, 20 iyun, AZƏRTAC 

“Rusiya-Azərbaycan Universitetlər Assosiasiyası”nın yaradılmasından iki ildən az vaxt keçir, lakin bu müddətdə əldə edilmiş nəticələr həm Assosiasiyanın işinin səmərəli olmasına, həm də tərəflərin birgə inkişafa son dərəcə böyük maraq göstərməsinə dəlalət edir. Bu qurum necə formalaşıb, Assosiasiyanın perspektivləri necədir? Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru, Assosiasiyanın Rusiya tərəfdən həmsədri Ramil Nazifoviç Baxtizin Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun mətbuat xidmətində bu barədə danışıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Xahiş edirəm, deyin, Rusiya-Azərbaycan Ali Məktəblər Assosiasiyasının yaradılması ideyası necə əmələ gəldi?

-Bizim Assosiasiya Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə Bakıda yaradılıb. Onun tərkibinə Rusiyadan 30, Azərbaycandan 16 ali məktəb daxil oldu. Məqsəd sadə idi: elmi və pedaqoji məktəblərin topladığı potensialı qoruyub saxlamaq üçün iki ölkənin ali məktəbləri arasında münasibətləri inkişaf etdirmək. 2016-cı il noyabr ayında Bakıda “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda forum keçirilməsi Assosiasiyanın fəaliyyətində əlamətdar hadisə oldu. Həmin tədbirdəki çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov vurğuladı ki, bizim assosiasiya iki ölkənin ali məktəblərinin qarşılıqlı fəaliyyəti və təhsil sahəsində birgə layihələrin uğurla reallaşması üçün yaxşı platformadır. Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva, öz növbəsində Azərbaycanda rus dilinin öyrənilməsinə və qorunub saxlanmasına marağı yüksək qiymətləndirdi. 2016-cı ildə rus dilini öyrənmək istəyənlərin sayı 5 faiz artıb. Bu, ali məktəblərarası əlaqələrin inkişaf etdirilməsi üçün ciddi zəmindir. Bir faktı qeyd etmək xüsusilə xoşdur ki, Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etdi. Bu, Azərbaycan tərəfin əməkdaşlıqda maraqlı olmasını birmənalı şəkildə səciyyələndirirdi. Azərbaycan Təhsil Nazirliyi ölkədəki universitetləri RF ali məktəbləri ilə maksimum əməkdaşlığa istiqamətləndirir. Əməkdaşlıq haqqında müqavilələr bağlamaq, konkret qarşılıqlı maraq sahələrində fərdi planlar formalaşdırmaq barədə göstəriş verilib. Rusiya ali məktəblərinin Bakıdakı filiallarının işindən Azərbaycanda çox razıdırlar, biz də uzunmüddətli və səmərəli əməkdaşlıq etmək əzmindəyik.

-Bu gün qarşılıqlı fəaliyyətin əsas nəticələri nədən ibarətdir?

-Biz tələbələrin və pedaqoqların mübadiləsi barədə razılığa gəlmişik, birgə elmi araşdırmalar və tədqiqatlar aparılmasını, həmçinin Azərbaycan üçün rusdilli kadrlar hazırlanması imkanlarını müzakirə etmişik. Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası çərçivəsində rus dilinin öyrənilməsi proqramlarının, habelə elm və təhsil mərkəzlərinin fəaliyyətinin dəstəklənməsi barədə razılıq əldə edilib. Assosiasiyanın razılaşmaları çərçivəsində nəzərdən keçirilməsi qərar alınmış bir məsələ də Azərbaycandan olan gənc həmvətənlərin Rusiya ali məktəblərində təhsil almaları və əksinə, bizim Azərbaycanda yaşayan həmvətənlərimizin rus dilini öyrənmələri üçün şərait yaradılması məsələsidir. Təbii ki, inteqrasiya proseslərinin reallaşdırılması metodlarının müzakirəsini də unutmamışıq. Axı bu proseslər ilk növbədə akademik mobilliyin, şəbəkə və elektron təhsilin, ikiqat diplom proqramlarının inkişafını nəzərdə tutur. Əldə edilmiş razılaşmalar çərçivəsində artıq bir neçə tədbir uğurla həyata keçirilib. Məsələn, xarici tələbələrin, magistrant və aspirantların “Mənəvi dəyərlər və sivilizasiyaların əxlaq təcrübəsi XXI əsr kontekstində” adlı beynəlxalq elmi-praktiki internet konfransı, Ufada keçirilən “Üçüncü minillik kontekstində mənəvi dəyərlər və rus ədəbiyyatının əxlaq təcrübəsi” adlı Ümumrusiya elmi-praktiki konfransına Bakı da on-layn rejimdə qoşulub. Assosiasiyanın himayəsi ilə “Rusiya və Azərbaycan xalqlarının dilləri: qarşılıqlı əlaqə və qarşılıqlı təsir” adlı festival keçirilib.

-Sizin fikrinizcə, Rusiya ilə Azərbaycan arasında ən uğurlu birgə təhsil və elm layihələri hansılardır?

-Assosiasiyanın üzvü olan ali məktəblərin jurnallarında elmi nəşrlərin mübadiləsi, habelə birgə təhsil, elm və tədris-metodiki materialların hazırlanması nizamlanıb. Məsələn, Ufa Dövlət Neft-Texniki Universitetindən və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan müəlliflər kollektivinin “Əməyin mühafizəsi” adlı monoqrafiyası nəşr edilib. Bu əsərdə əməyin mühafizəsinə və yüksək dərəcədə təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə əsas normativ-hüquqi sənədlərin müddəaları əks olunub. Bundan əlavə, biz elmi araşdırmaları ekspertiza edir, namizədlik və doktorluq dissertasiyaları üçün rəylər hazırlayırıq. Bu da həmin araşdırmaların səviyyəsinin artırılması üçün çox vacibdir. Təhsilalanların akademik mobilliyinin reallaşması, tələbələrin tərəfdaş ali məktəblərin tədris-istehsalat bazalarında praktika keçməsinin təşkili məsələsi həll edilib.

-Bu il may ayında Rusiya və Azərbaycan ali məktəblərinin 2-ci forumu keçirilib. Bu tədbir əslində Assosiasiyanın üzvləri üçün əlaqələndirici forum idi. Həmin forum Sizin üçün nə ilə əlamətdar oldu?

-Forumun işinin yekunlarına əsasən qətiyyətlə demək olar ki, iştirakçılar birgə konstruktiv iş əzmindədirlər. Onların ortaq maraqları var, bu insanlar təcrübə mübadiləsinə və müştərək layihələri həyata keçirməyə hazırdırlar. Assosiasiyanın həyat qabiliyyətli olduğunu söyləmək üçün təkcə bunu demək kifayətdir ki, Assosiasiyaya daxil olmaq istəyən ali məktəblərin sayı artmaqdadır. Təkcə bu forumda bizim altı yeni üzvümüz yarandı. İştirakçıların çoxu qeyd edib ki, beynəlxalq əməkdaşlıq ali məktəblərin inkişafının mühüm amilidir. İlk növbədə onu deməliyəm ki, bu əməkdaşlıq universitetlərin beynəlxalq reytinqlərində ali məktəblərin mövqelərini möhkəmlədir, inteqrasiya proseslərini gücləndirir, mədəniyyətlərarası dialoq proqramlarını dəstəkləyir və əlbəttə, elm və təhsil layihələrinin həyata keçirilməsi imkanlarını genişləndirir. Ümumiyyətlə, imzalanmış ikitərəfli müqavilələrin sayının çox olması onu göstərir ki, tərəflərin ünsiyyəti ümumi işin xeyrinə inkişaf edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.