ELM VƏ TƏHSİL
Rusiyada yaşayan alim kitab kolleksiyasını Şamaxı Astrofizika Rəsədxanasına bağışlayıb
Bakı, 20 iyun, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı alim, günəş fizikası üzrə mütəxəssis, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əsgər Həsənəlizadə şəxsi kitab kolleksiyasını Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi kitabxanasına bağışlayıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, alimin şəxsi kolleksiyasına astronomiya, astrofizika, mexanika-riyaziyyat, fizika və digər elmlərə aid 1500-ə qədər kitab, toplular və konfrans materialları daxildir.
Qeyd edək ki, Ə.Həsənəlizadə müxtəlif vaxtlarda ŞAR-ın aparıcı elmi işçisi, astrofiziki metrologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. Alimin araşdırmalarının bir çoxu beynəlxalq jurnallarda ingilis dilində nəşr edilib. O, 1990-cı ildən etibarən Avropa Astronomik İttifaqının üzvü, 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.