İQTİSADİYYAT
Rusiyadan Azərbaycana məhsul göndərilməsinə dair təqribən 10 layihə Rusiya İxrac Sığorta Agentliyinin müzakirəsindədir
Bakı, 27 may, Laçın Sultanova AZƏRTAC
Kommunal texnika və yol texnikası istehsalı, kənd təsərrüfatı və dəmiryol maşınqayırması, avtomobilqayırma, elektronika, yeyinti məhsulları sənayesi və təbabət sahəsində ümumi məbləği 700 milyon ABŞ dolları olan Rusiya məhsulunun Azərbaycana göndərilməsinə dair təqribən 10 layihə Rusiya İxrac Sığorta Agentliyinin (EKSAR) müzakirəsindədir.
AZƏRTAC xəbər verir ki, bu bərədə EKSAR-ın məlumatında deyilir. Məlumatda Rusiya şirkətlərinin Bakıda keçirilmiş biznes-missiyasından bəhs olunur. Biznes-missiya EKSAR-ın dəstəyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəliyi tərəfindən təşkil olunub.
Rusiya nümayəndə heyətinə Xarici iqtisadi fəaliyyətin əlaqələndirilməsi, inkişaf etdirilməsi və tənzimlənməsi departamenti direktorunun müavini İvan Danilov rəhbərlik edib. Plenar sessiyanın moderatoru Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev olub. Plenar iclas çərçivəsində Rusiya şirkətləri öz mallarını və xidmətlərini - “Rostselmaş KZ” MMC – kənd təsərrüfatı texnikası, “Klever” MMC – yedək və asma texnika, “Melinvest” ASC – elevator avadanlığı, “Peqas-Aqro” MMC – torpağa mineral gübrə vermək üçün özüyeriyən texnika, “Avqust” QSC – kənd təsərrüfatı təyinatlı kimyəvi məhsul, “Rodemos elmi-istehsal mərkəzi” MMC – kimyəvi məhsul, “AvroKim mineral-kimya şirkəti” SC – kimyəvi məhsul, “Best Fabrik” MMC-nin Baytarlıq Ticarət Evi – kənd təsərrüfatı avadanlığı, baytarlıq xidmətləri üçün məmulatlar, “Voltayr-Prom” ASC – kənd təsərrüfatı və sənaye şinləri təqdim ediblər. Rusiya tərəfindən biznes-missiyada təqribən 40 şirkət iştirak edib.
İvan Danilov deyib: “Rusiya şirkətlərinin təqdimatları Azərbaycanın icra hakimiyyəti və biznes cəmiyyəti nümayəndələrinin böyük marağına səbəb olub. Təcrübə göstərir ki, biznes-missiyalar Rusiya ixracatçılarının məhsullarının xarici bazarlara çıxarılması üçün səmərəli vasitədir”.
Tədbir əlaqələr birjası çərçivəsində ikitərəfli görüşlərlə davam etdirilib. Görüşlərdə Rusiya və Azərbaycan şirkətlərinin nümayəndələri əməkdaşlığın potensial istiqamətlərini ətraflı müzakirə ediblər.