ELM VƏ TƏHSİL
Rusiyalı alim: Azərbaycan palçıq vulkanları diyarıdır
Bakı, 22 may, P.İmanova, AZƏRTAC
Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə akademik İ.Quliyev elmi sessiyanın “Arktika və Dünya okeanında karbohidrogen yataqlarının axrarışı və mənimsənilməsinin vəziyyəti, perspektivliyi və problemləri” mövzusunda məruzənin dinlənilməsinə və “Dünya okeanı akvatoriyasında karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” monoqrafiyasının təqdimatına həsr olunduğunu diqqətə çatdırıb.
Sonra Rusiya Elmlər Akademiyasının (REA) Neft və Qaz Problemləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, REA-nın müxbir üzvü V.Boqoyavlenski “Arktika və Dünya okeanında karbohidrogen yataqlarının axrarışı və mənimsənilməsinin vəziyyəti, perspektivliyi və problemləri” mövzusunda məruzə ilə çıxış edib. Rusiyalı alim məruzəsində Arktika və Dünya okeanında karbohidrogen yataqlarının axrarışı və mənimsənilməsinin müasir vəziyyətini təhlil edib, dünya miqyasında yayılan palçıq vulkanlarının mahiyyəti və problemləri barədə məlumat verib. O, Azərbaycanın palçıq vulkanlar diyarı olduğunu qeyd edib, qaz yataqlarının mənimsənilməsində bunun nəzərə alınmasısını xüsusi vurğulayıb.
Tədbir çərçivəsində “Dünya okeanı akvatoriyasında karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” monoqrafiyasının təqdimatı olub. Monoqrafiya Dünya okeanının geologiyası və neft-qazlılığı haqqında böyük həcmdə müasir və retrospektiv məlumatların analizi; tarixi, metodiki və normativ materiallar və müəlliflərin təcrübəsi əsasında karbohidrogen ehtiyatlarının axtarışı və kəşfiyyatı problemlərinə həsr olunub. Kitabda dünya okeanının dibi və şelf zonalarının geoloji-geomorfoloji strukturunun əsas elementlərinin, quruluşunun əsas xüsusiyyətləri göstərilib. Nəşr dəniz yataqlarının axtarışı, kəşfiyyatı və mənimsənilməsi sahəsində mütəxəssislər, o cümlədən bu sahə üzrə təhsil alan tələbələr üçün mühüm informasiya mənbəyidir.
Monoqrafiya Rusiyanın Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Müəllifləri RTEA-nın həqiqi üzvü, İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin (RDNQU) neft və qaz axtarışları və kəşfiyyatının elmi əsasları kafedrasının rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Vaqif Kərimov, geologiya-minerologiya elmləri doktoru Boris Senin, REA-nın müxbir üzvü V.Boqoyavlenski, geologiya-minerologiya elmləri doktoru Gennadi Şilovdur.
Sonda AMEA-nın Neft və Qaz İnstitutu ilə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz İnstitutu arasında memorandum imzalanıb.