ELM VƏ TƏHSİL
Rusiyalı alim Botanika İnstitutunun Herbari Fondunda olub
Bakı, 26 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Rusiya Elmlər Akademiyasının (REA) V.L.Komarov adına Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini Dmitri Heltman Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda olub.
AMEA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Eldar Novruzov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, adı çəkilən institutlar arasında sıx münasibətlər yaranıb. O deyib: “Dmitri Heltman AMEA-nın Botanika İnstitutunun Herbari Fondunun yeni infrastrukturu ilə tanış olub. Rusiya alimi Abşeron yarımadasının florasını öyrənən səhra tədqiqatlarında da iştirak edib. Bundan əlavə, Herbari Fondunda təşkil edilmiş seminarda botanika nomenklaturası ilə bağlı müzakirələr aparılıb, gələcək əməkdaşlığın perspektivləri müəyyən olunub. AMEA-nın Botanika İnstitutu ilə REA-nın Botanika İnstitutu arasında səmərəli əməkdaşlıq yaranıb. 2011-ci il martın 18-də 5 il müddətinə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Müqavilə Azərbaycanda bitki növlərinin təsnifatı, struktur botanikası və morfologiyası, habelə sənaye üçün əhəmiyyət kəsb edən resurslar - mikologiya, briologiya və alqologiya üzrə birgə tədqiqatların aparılmasını nəzərdə tutur.