SİYASƏT
Rusiyalı alim: Rusiya-Azərbaycan əlaqələrinin inkişafında böyük rolu olan ÜAK-ın ləğvi qərarı təəssüf doğurur
Moskva, 17 may, AZƏRTAC
Təşkilatın ləğv edilməsi ən son qərardır. Rusiyanın “İctimai təşkilatlar haqqında” Qanununda təşkilatların ləğvi ilə yanaşı, onlara xəbərdarlıq edilməsi, yaxud onların fəaliyyətinin müəyyən müddətə dayandırılması barədə müddəalar da var.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Həştərxan Dövlət Universitetinin dosenti, siyasi elmlər namizədi Kseniya Tyurenkova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərarı şərh edərkən söyləyib.
ÜAK-ın bağlanması xəbərini təəssüflə qarşıladığını bildirən rusiyalı alim deyib: “Çox təəssüf edirəm ki, ÜAK və onun Rusiya regionlarındakı bölmələrinin ləğv edilməsi barədə qərar verilib. Uzun illərdir təşkilat Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, o cümlədən Rusiya subyektləri ilə ölkəniz arasında əlaqələrin yaradılmasında böyük rol oynayırdı. Formal olaraq, təşkilatın ləğvi “İctimai birliklər haqqında” və “Qeyri-kommersiya təşkilatları haqqında” Federal qanunlarının pozulması üzündən baş verib. Bir daha qeyd edirəm ki, təşkilatın ləğv olunması qəbul ediləcək ən son qərardır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva