İDMAN


Rusiyalı alimlər Konfederasiyalar Kubokunun qalibini proqnozlaşdırıblar

Bakı, 14 iyun, AZƏRTAC

Portuqaliya yığmasının bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunu udmaq şansı daha yüksəkdir. TASS agentliyinin yaydığı məlumata görə, bu proqnoz G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin idman sahəsində Strateji Araşdırmalar Mərkəzinin işləyib hazırladığı modelə əsaslanır.

Modeli formalaşdırmaq üçün həm ölkələrin sosial-iqtisadi inkişafı ilə bağlı olan ümumi dəyişən, həm də spesifik göstəricilər (tarixi və idman) dəyərləndirilib. Modellər əvvəlki altı Konfederasiyalar Kubokunun nəticələrinə bu amillərin necə təsir göstərməsi əsasında qurulub.

Nəticədə etibarlılıq səviyyəsi turnirin qrup mərhələsində 42,5 faiz və pley-off mərhələsində 53,3 faiz olan model alınıb.

Analitiklər bildirirlər ki, Konfederasiya Kubokunun ev sahibləri adətən proqnozları üstələyir və yüksək nəticələr nümayiş etdirirlər. Öz meydanında oynamaq onların, demək olar, üç xal artıq toplamasına kömək edir.

Belə olan halda Rusiyanın beş xal toplayacağı və “A” qrupunda birinci yeri, Portuqaliyanın isə ikinci yeri tutacağı proqnozlaşdırılır. Proqnoza görə, “B” qrupundan pley-off mərhələsinə Çili və Almaniya vəsiqə qazanacaq. Özü də Latın amerikalı futbolçuların qrupda birinci yeri tutmaq şansı daha yüksəkdir.

Modelə görə, Rusiya yarımfinalda Almaniyaya, daha sonra bürünc medal uğrunda matçda Çiliyə uduzacaq. Yarımfinalda Çiliyə qalib gələn portuqaliyalılar həlledici matçda almanları məğlubiyyətə uğradacaqlar.

Ekspertlər bildirirlər ki, Portuqaliya pley-off mərhələsinin aşkar favoritidir. Əsas məsələ budur ki, onun heyətində dünyanın ən yaxşı futbolçusu – Kriştianu Ronaldu oynayacaq.

Pley-off-da Rusiya yığmasının yeganə üstünlüyü turnirə ev sahibliyi etməsindədir. Ancaq yerli futbolun bütün tarixi ərzində FIFA cədvəlində komandanın ən pis vəziyyətdə olması ev sahiblərinin bu mərhələdə heç olmazsa bir qələbə qazanmaq şansını ciddi şəkildə azaldır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.