ELM VƏ TƏHSİL
Rusiyalı professor: UNEC-in təcrübəsindən faydalanmaq lazımdır
Bakı, 6 fevral, AZƏRTAC
Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-də “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində Y.Şubenkova bu ali təhsil ocağının prorektoru, dosent Şahin Bayramov ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, UNEC ilə tanışlıqdan məmnunluğunu ifadə edən Y.Şubenkova burada tətbiq olunan yenilikləri yüksək dəyərləndirib. “Elektron Universitet” modelindən, differensial əməkhaqqı sisteminin mükəmməlliyindən danışan qonaq vurğulayıb ki, “Elektron universitet” layihəsi çərçivəsində tətbiq olunan elektron jurnal, müəllim və tələbələrin şəxsi kabineti, elektron tribuna tədris prosesini daha da asanlaşdırır. Sistem vasitəsilə tələbələr müəllimlərin reytinqini müəyyənləşdirə bilir, eyni zamanda, tədris prosesini qiymətləndirmək imkanı əldə edirlər. Bütün bunlar tədrisin keyfiyyətinin artırılmasına birbaşa təsir edən amillərdir. İmtahanların müasir texnologiyalarla mərkəzləşdirilmiş qaydada aparılması da şəffaflığın və operativliyin təmin edilməsi baxımından əvəzsizdir.
Rusiyalı professor deyib: “Müəllimlərin stimullaşdırılması üçün UNEC-in məhsulu olan differensial əməkhaqqı sistemi də öz unikallığı ilə seçilir. Fikrimcə, istər elmi, istər tədris fəaliyyətlərini, istərsə də özünüinkişafını artırmaları, təkmilləşdirmələri üçün müəllimləri stimullaşdıran daha mükəmməl sistem ola bilməz. Uzun müddətdir Plexanov adına Rusiya İqtisad Universitetində eyni sistemi qurmaq istəyirik. Bizim neçə illərdir etməyə çalışdıqlarımızı UNEC qısa vaxtda uğurla reallaşdırıb. Təhsilin keyfiyyətinə birbaşa təsir edən layihələrin bu cür operativliklə və müvəffəqiyyətlə tətbiqində UNEC-in təcrübəsindən faydalanmaq lazımdır”.
Azərbaycan barədə təəssüratlarını bölüşən qonaq ölkəmizdəki əmin-amanlıqdan və iqtisadi-siyasi sabitlik şəraitindən danışıb.
Diqqətə çatdırılıb ki, bir çox postsovet respublikaları hələ də XX əsrin sonlarının “yenidənqurma” fəsadlarından tam qurtulmadıqları halda, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı qısa vaxtda bu fəsadlardan xilas etdi. Y.Şubenkova deyib: “Azərbaycan xalqının bəxti gətirib ki, belə bir lideri olub. Hazırda Prezident İlham Əliyev atası, dahi şəxsiyyət Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bakıda olduğum müddətdə müşahidələrim bunu deməyə əsas verir. Hava limanına endiyimiz andan etibarən qarşılaşdığımız ab-hava, yüksək xidmət mədəniyyəti, insanların gülərüzlülüyü Azərbaycan haqqında yüksək təəssürat yaradır. Ölkəniz çox gözəldir. Burada istər modern üslubda, istərsə də qədimilik baxımından möhtəşəm tikililər var. Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, eləcə də UNEC-in binası müasirliklə qədimliyin sintezidir.
Görüşdə Plexanov adına Rusiya İqtisad Universiteti ilə UNEC arasında əməkdaşlığın növbəti mərhələsi müzakirə edilib. Qonaq fakültələr və bir sıra ixtisaslar üzrə tədris proqramlarının uzlaşdırılmasından sonra ikili diplomlar haqqında razılığın əldə olunacağına əminliyini bildirib.