İDMAN
Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən dünya kubokunun qalibi olub VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə dünya kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, finalda həmyerlisi Pyotr Svidlerlə qarşılaşan Sergey Karyagin hesabda geridə olmasına baxmayaraq, yekunda qalib gəlməyi bacarıb.
AZƏRTAC xəbər verir ki, dörd klassik görüşdən sonra hesab bərabər olduğu üçün (2:2) oktyabrın 5-də hər iki şahmatçı mübarizəni tay-brekdə davam etdirib. Rəqiblər tay-brekdə hərəyə bir dəfə qələbə qazandığından 25+10 vaxt nəzarəti rejimində iki oyun keçirməli olublar. Bu qarşılaşmalarda da qalib müəyyənləşməyib - 1:1. Qalibi müəyyən etmək üçün 10+10 vaxt nəzarəti rejimində oynanılan növbəti iki partiyada da şahmatçılar hərəyə bir dəfə qalib gəliblər. Dünya kubokunun qalibi 5+3 vaxt nəzarəti rejimində oynanılan görüşlərdə müəyyən edilib. Hər iki partiyanı qələbə ilə başa vuran Sergey Karyagin Bakıda keçirilən şahmat üzrə dünya kubokunun qalibi adını qazanıb.
Mükafat fondu 1,6 milyon dollar olan yarışın qalibi 120 min dollar məbləğində mükafatla təltif ediləcək. Reqlamentə əsasən, finalçılar dünya çempionluğuna iddiaçıların turnirində mübarizə aparmaq imkanı əldə ediblər.