REGİONLAR


Rusiyalı tarixçi və siyasi analitik İvanovkada sakinlərlə görüşüb

A+ A

İsmayıllı, 27 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsov İsmayıllıya səfər edib, sakinlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova, Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov, 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, məktəblilər və ziyalılar iştirak ediblər.

Sonra qonaq rusların kompakt yaşadığı İvanovka kəndinə gedib, sakinlərlə görüşüb. Hər iki tədbirdə tarixçi alim iştirakçılara beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə məlumat verib. Professor bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.

Diqqətə çatdırılıb ki, tarixçi alim O.Kuznetsovun müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” əsərinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda, digər qurum və təhsil müəssisələrində təqdimatı keçirilib.

İvanovka kənd məktəbinin direktoru Mixail Uryupin professorun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” adlı əsərinin tarix elminə verdiyi töhfədən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətindən danışıb.

Görüşlərdə O.Kuznetsov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. Professor həm də Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafiyası üzrə mütəxəssisdir. Hüquq müdafiəsi sahəsində də geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyətlə məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.