ELM VƏ TƏHSİL
Rusiyalı xoreoqraf tələbələrə klassik rəqsdə müasir meyillər barədə məlumat verib
Bakı, 14 fevral, AZƏRTAC
Bakıda səfərdə olan, Sankt-Peterburq Opera və Balet Teatrının xoreoqrafı, Rusiya Federasiyasının əməkdar artisti Sergey Moxnaçov Bakı Xoreoqrafiya Akademiyasının (BXA) şagird və tələbələri üçün ustad dərsləri keçib.
BXA-dan AZƏRTAC-a bildiriblər ki, ustad dərslərində iştirak edən müəllim və tələbələr klassik rəqsdə müasir meyillər və yeni üslublar barədə məlumat alıblar. Onlar, həmçinin xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini müşahidə ediblər.
Ustad dərslərində vurğulanıb ki, dünya inkişaf etdikcə, insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu transformasiyalar mütləq rəqsdə də əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün, ilk növbədə, bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdır.
S.Moxnaçov ilə BXA-nın rəhbərliyi arasında keçirilən görüşdə xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
Qeyd edək ki, S.Moxnaçov Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Qıpçaq rəqsləri” birpərdəli baletin səhnələşdirilməsi ilə məşğul olur.