İQTİSADİYYAT
Rusiyanın “Metrojet” aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb VİDEO
Qəbələ, 25 iyul (AZƏRTAC, Şahnəzər Bəşirov). Rusiyanın “Metrojet” aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
AZƏRTAC xəbər verir ki, iyulun 24-də axşam saatlarında Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanma mərasimi olub.
Yeni beynəlxalq aviareysin ilk sərnişinlərinin qarşılanması münasibətilə Qəbələ aeroportunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, “Metrojet” aviaşirkətinin baş direktoru Sergey Mordvinçev, şirkətin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Rəhim Əliyev, “Qlobus” turizm şirkətinin rəhbəri, “Metrojet” aviaşirkətinin Azərbaycandakı tərəfdaşı Eldəniz Səfərov və başqaları iştirak ediblər.
Mərasimdə məlumat verilib ki, Bakı vaxtı ilə saat 18:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə saat 20:30-da Qəbələ Beynəlxalq Hava Limanına enib. Təyyarənin göyərtəsində, ümumilikdə, 180 sərnişin olub. Sərnişinlərin əksəriyyəti Azərbaycan və Rusiya vətəndaşları, eləcə də yerli və xarici iş adamları, əcnəbi turistlərdir.
Qəbələdən isə təyyarə həmin gün saat 22:00-də əks istiqamatə- Moskvaya uçub. Bu təyyarənin göyərtəsində isə 175 sərnişin olub.
Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcək.
Moskvadan Qəbələyə bir aviabiletin qiyməti 69 avrodan başlayır.
Tədbirdə bildirilib ki, “Metrojet” aviaşirkəti gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın digər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda “Metrojet” aviaşirkəti “Qlobus” turizm şirkəti ilə birgə Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına müntəzəm turpaketlər təşkil edir.
Diqqətə çatdırılıb ki, Qəbələdən xarici ölkəyə yeni müntəzəm aviareysin açılmasının əsas məqsədi sərnişinlərə xidmət etməklə yanaşı, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qəbələdə, ölkəmizin şimal və şimal-şərq rayonlarında turizmin inkişafına təkan vermək, xarici turistləri bölgəyə cəlb etməklə yerli turizmin imkanlarını nümayiş etdirməkdir.
Qeyd edilib ki, bu günədək Qəbələ Beynəlxalq Hava Limanından Avropanın 20-dən çox ölkəsinə dəfələrlə, Afrika və Amerika qitələrinin hər birinə isə bir dəfə uçuşlar olub. Hazırda isə Qəbələ Beynəlxalq Hava Limanından müntəzəm olaraq Qəbələ-Moskva-Sankt-Peterburq, Moskva-Qəbələ, Bakı-Qəbələ aviareysləri həyata keçirilir. 2012-ci ilin noyabrından bu günədək Moskva-Qəbələ və Qəbələ-Moskva-Sankt-Peterburq marşrutu üzrə həyata keçirilən müntəzəm aviareysləri isə Rusiyanın “EK.Alyans” aviaşirkəti təşkil edir.
Xatırladaq ki, 2011 il noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ Beynəlxalq Aeroportu ən yüksək dünya standartlarına cavab verir. Burada məlumat bürosu, gözləmə zalı, internet otağı vardır. Aeroportda aviasiya təhlükəsizliyi, sərhəd və gömrük xidmətləri əməkdaşlarının rahat işləmələri üçün hərtərəfli şərait yaradılıb. Terminalda ən son təhlükəsizlik avadanlığı quraşdırılıb. Sərnişin qeydiyyatının rahat və vaxtında aparılması üçün 6 məntəqə yaradılıb. VİP sərnişin qeydiyyatı və salonu da ən son avadanlıqla təchiz olunub. Aeroportun ikinci mərtəbəsində restoran fəaliyyət göstərir.