REGİONLAR
Rusiyanın “Poisk” qəzetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
Naxçıvan, 3 oktyabr, AZƏRTAC
Rusiya Elmlər Akademiyası və Rusiya Təhsil və Elm Nazirliyinin birgə mətbu orqanı - “Poisk” qəzetinin redaktoru Yelizaveta Ponarinanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin (NDU) qonağı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq ali təhsil ocağının keçdiyi inkişaf yolundan, xarici ölkələrin qabaqcıl təhsil və elm mərkəzləri ilə mövcud əlaqələrindən danışıb.
Bildirilib ki, dünyanın 82-dən çox universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq edən NDU 2014-cü ildən etibarən Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universiteti ilə təcrübə mübadiləsi aparır, əlaqələrini inkişaf etdirir. Həmçinin universitetlərarası müqavilələrə əsasən Rusiyanın Penza Dövlət Universiteti ilə tələbə mübadiləsini uğurla həyata keçirir.
Qəzetin redaktoru Yelizaveta Ponarina universitet rəhbərliyinə qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Sonra nümayəndə heyəti universitet şəhərciyini gəzərək tədris binaları, müxtəlif dərs otaqları, kabinə və mərkəzlərlə, universitet xəstəxanası və tələbə evi ilə yaxından tanış olublar.
Nümayəndə heyəti NDU-dan zəngin təəssüratlarla ayrılıb.