İQTİSADİYYAT


Rusiyanın Soçi şəhərində II Ümumdünya Taxıl Forumu keçirilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 18-19-da Rusiya Federasiyasının Soçi şəhərində II Ümumdünya Taxıl Forumu keçirilib.

Forumda Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, dünyanın bir sıra ölkələrindən nümayəndələr, həmçinin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumda məhdud torpaq və su təminatı şəraitində ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaqların münbitliyinin azalması, iqlim dəyişiklikləri, o cümlədən dünya taxıl bazarının infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Forum çərçivəsində Camal Quliyev Saratov Vilayəti Hökumətinin sədr müavini A.A.Solovyov, vilayətin kənd təsərrüfatı nazirinin müavini S.A.Undurova, Aqrar-Sənaye İttifaqının sədri A.S.Rataçkov, “Zernoqrup” Cəmiyyətinin baş direktoru İ.İ.Yarotskiy, “Yufenal” Cəmiyyətinin baş direktoru A.A.Terenin, “Roszernotreyd” Birliyinin baş direktoru İ.V.Dobrınin və digər məsul şəxslərdən ibarət nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanda kənd təsərrüfatının müasir vəziyyəti, ixracyönümlü sahələr və ixrac potensialı barədə görüş iştirakçıları ətraflı məlumatlandırılıb. Dövlət Xidmətinin rəisi Azərbaycanda istehsal olunan keyfiyyətli meyvə-tərəvəz məhsullarının Saratov vilayətinə ixrac edildiyini, eyni zamanda, bu ixracın artırılması üçün kifayət qədər potensial imkanların olduğunu nəzərə çatdırıb.

Dövlət Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları əsasında respublikaya bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı tələb olunan şərtlər və fitosanitar qaydalar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, Rusiya Federasiyası ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, adekvat fitosanitar tələblərin tətbiq edilməsi məsələləri müzakirə edilib.

İkitərəfli görüşlərdə Saratov vilayətində istehsal edilən yüksək keyfiyyətli, beynəlxalq standartların tələblərinə uyğun taxıl məhsullarının, dənli paxlalıların, yağlı bitkilərin Azərbaycan Respublikasına ixracı məsələləri də müzakirə olunub. Hər iki tərəf ölkələr arasında bitki və bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsinin vacibliyini və bu sahədə maraqlı olduqlarını vurğulayıb.

Forum çərçivəsində Dövlət Xidmətinin rəisi Camal Quliyev “Taxılın effektiv beynəlxalq ticarəti üçün əlverişli mühitin yaradılmasında qlobal ərzaq təhlükəsizliyinin bünövrəsi olan taxılın təhlükəsizliyinə, keyfiyyətinə və fitosanitar vəziyyətinə nəzarətin təmin edilməsi” mövzusunda keçirilən “dəyirmi masa”da iştirak edib.

Həmçinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəis müavini xanım Y.A.Şvabauskenin Dövlət Xidmətinin rəisi Camal Quliyev ilə keçirilən görüşündə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər bu əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud potensial imkanlardan maksimum istifadə olunması üçün öz səylərini əsirgəməyəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.