SİYASƏT


Rusiyanın Tambov şəhərində general Naxçıvanskinin büstü qoyulub

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçirilib. 34 il Rusiya imperiyasına xidmət edən sərkərdənin xatirəsi büstün açılışında və yerli kazak təşkilatının konfransında anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hüseyn xan Naxçıvanskiyə büstün qoyulması Ümumrusiya Azərbaycan Konqresinin Tambov regional bölməsinin rəhbəri Rəhim Hüseynovun təşəbbüsüdür. Açılış mərasimində çıxış edən diaspor rəhbəri Hüseyn xanın xidmətlərindən və Azərbaycan-rus xalqlarının dostluğundan bəhs edib. O bildirib ki, keçmiş ittifaq dövlətlərinin çoxunda rus məktəblərinin bağlandığı bir vaxtda Azərbaycanda yüzlərlə rus məktəbinin, Rus Dram Teatrının, Rusiyanın ali məktəblərinin, rus mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi bu dostluğun bariz nümunəsidir.

Tambov Kazak Cəmiyyətinin atamanı Vladimir Veklenko isə Hüseyn xan Naxçıvanskinin tarixə şərəfli cəngavər kimi düşdüyünü vurğulayıb. O deyib: “Təəssüf ki, SSRİ dövründə siyasi səbəblərdən bu qəhrəman haqda danışmayıblar, amma onun xidmətləri danılmazdır. Artıq onun xatirəsi Azərbaycan ilə yanaşı, Tambovda da yad ediləcək”.

Daha sonra tədbirdə Rusiya Federal Mərkəzi Dairəsi üzrə Prezidentin rəsmi nümayəndəsi Aleksandr Beqlovun təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra əksəriyyəti Rusiyanın müxtəlif güc strukturlarının və administrativ instansiyalarının rəsmiləri olan Tambov vilayətinin kazakları konfrans keçirib. Konfransda ÜAK-ın nümayəndəsi Anar Həsənov Naxçıvan xanlığı və Naxçıvanskilər sülaləsi haqqında çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.