SİYASƏT
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Heydər Əliyev Mərkəzi ilə tanış olub
Bakı, 11 aprel, AZƏRTAC
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev aprelin 11-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Nikolay Patruşevə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.
“Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı qonağa Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətlərinin, çoxəsrlik tarixinin, mədəni irsinə dair nadir eksponatların nümayiş etdirildiyi barədə məlumat verilib. Bildirilib ki, bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Nikolay Patruşev “Mini Azərbaycan” sərgisinə də baxıb. Bu sərgidə qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, həmçinin Mərkəzin müxtəlif tədbirlərin keçirildiyi “Auditorium” zalında olub.
Sonra Nikolay Patruşev Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə tanış olub. Diqqətə çatdırılıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Nikolay Patruşev Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıb.