İQTİSADİYYAT


Rusiyanın energetika naziri: Natiq Əliyev işini ürəkdən sevən əsl peşəkar idi

Bakı, 11 iyun, Əziz Məmmədov, AZƏRTAC

İyunun 11-də Rusiyanın energetika naziri Aleksandr Novakın rəhbərliyi etdiyi nümayəndə heyəti II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, rusiyalı nazir jurnalistlərə müsahibəsində mərhum haqqında xatirələrini bölüşərək deyib: “Dostum, Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı xəbəri məni dərindən təsirləndirdi. Mən onu işini ürəkdən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev energetikanın, neft-qaz sahəsinin, elektroenergetikanın bütün məsələlərindən peşəkarcasına baş çıxarır, Azərbaycanda energetikanın inkişafı, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün xeyli işlər görmüşdü. Biz Müstəqil Dövlətlər Birliyinin Elektroenergetika Şurasında bir yerdə işləmişdik. Mənim onunla çox yaxşı münasibətlərim var idi. Əlbəttə, böyük dostu itirmək bizim üçün kədərli hadisədir”.

Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən Aleksandr Novak bildirib: “Biz əməkdaşlığımızın səviyyəsini yüksək qiymətləndiririk. Energetika sahəsində, o cümlədən qonşu ölkələrlə qarşılıqlı münasibətlərin inkişafı, o cümlədən elektroenergetikada, Azərbaycan və İranla Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzrə bir yerdə işləyirik. Bununla yanaşı, bizim neft şirkətlərimiz Azərbaycanda neft yataqlarının işlənməsində iştirak edirlər. Biz, həmçinin OPEC-ə daxil olmayan ölkələr arasında neft bazarının tarazlaşdırılması üzrə razılaşmanı bir yerdə reallaşdırırıq və Azərbaycan burada əsas yerlərdən birini tutur. Bundan başqa, qaz sahəsində əməkdaşlığı davam etdiririk. Hesab edirəm ki, bu, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Uzun illər SOCAR-ın prezidenti, sonralar sənaye və energetika, son illər isə energetika naziri vəzifəsində çalışan Natiq Əliyev də bu sahədə mühüm xidmətlər göstərib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.