SİYASƏT
Rusiyanın müdafiə naziri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO
Bakı, 13 oktyabr (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaq, həmçinin Azərbaycanın və SSRİ-nin Xalq Artisti, dünya şöhrətli ifaçı Müslüm Maqomayevin də məzarını ziyarət edib.
Sonra Şəhidlər xiyabanına gələn Rusiyanın müdafiə naziri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazir Sergey Şoyquya paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.