SİYASƏT
Rusiyanın müdafiə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra qonaq görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüb.
Daha sonra Rusiyanın müdafiə naziri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.