DÜNYA
Rusiyanın neft şirkətləri 2017-ci ildə ixracı artırmağı planlaşdırırlar
Bakı, 26 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın neft şirkətləri gələn il ixracı artırmağı nəzərdə tuturlar.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Kiril Molodsov deyib.
“Cari il Rusiyada 253,5 milyon ton neft ixracı planlaşdırılır ki, bu da ötən ildəki göstəricidən 4,8 faiz çoxdur. 2017-ci ildə isə bu həcm bir qədər də çox olacaq”, - deyə K.Molodsov əlavə edib.
O deyib ki, ölkənin boru kəmərləri sistemi ixracı artırmağa imkan verir. Lakin çox şey hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə neft hasilatının azaldılmasına dair əldə edilən razılaşmanın yerinə yetirilməsi mexanizmindən asılı olacaq.
K.Molodsov bildirib ki, Rusiyanın neft-qaz şirkətləri gələn il neft emalının həcmini 2,5 faiz azaldaraq 270 milyon ton səviyyəsində planlaşdırırlar. Bu il gözlənildiyi kimi neft emalı 277 milyon ton olacaq. Rusiya 2017-ci ildə benzin istehsalını 39,8 milyon tona qədər, dizel yanacağının istehsalını isə 70 milyon tondan çox artıracaq. Mazut istehsalının isə gələn il 2 milyon ton və ya daha çox azalacağı nəzərdə tutulur.