REGİONLAR


Rusiyanın ölkəmizdəki səfiri Gəncədə Bilik günü münasibətilə keçirilən tədbirdə iştirak edib

A+ A

Gəncə, 15 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 15-də Gəncədə Bilik günü münasibətilə təntənəli tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak ediblər.

Məktəbin direktoru Əliağa Səfərəliyev yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, kollektivə uğurlar arzulayıb.

Bildirilib ki, 2016-2017-ci tədris ilində birinci sinfə 315 nəfər qədəm qoyub. Qeyd olunub ki, TQDK-nın təşkil etdiyi qəbul imtahanlarında Gəncə şəhərinin digər məktəbləri kimi 4 nömrəli tam orta məktəbin şagirdləri də yüksək nəticələr göstərərək respublikanın müvafiq ali məktəblərinə qəbul olublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bilik günü münasibətilə müəllim və şagirdlərə xoş arzularını çatdırıb. Vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin sonuna kimi Gəncədə daha bir neçə məktəb əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcək. Elmar Vəliyev xatırladıb ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 4 nömrəli tam orta məktəbin maddi-texniki bazası daha da gücləndirilib. Müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin çıxışında rus dilinin tədrisinə böyük önəm verilən 4 nömrəli tam orta məktəbdə olmağından məmnunluq hissi keçirdiyini bildirib. Şagirdləri və müəllimləri təbrik edən səfir bu məktəbdə təhsil alan şagirdlərin uğurlarının davamlı olacağına əminliyini ifadə edib.

Tədbirdə məktəbin şagirdləri Bilik gününə həsr etdikləri mahnı və rəqsləri təqdim ediblər.

Sonra qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.