ELM VƏ TƏHSİL
Rusiyanın ölkəmizdəkı səfirliyinin böyük məsləhətçisi Mərkəzi Elmi Kitabxanada olub
Bakı, 29 may, AZƏRTAC
Rusiyanın ölkəmizdəkı səfirliyinin böyük məsləhətçisi Aleksandr Qladkov Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova ilə görüşüb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, görüşdə münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub.
L.İmanova elmi təşkilatın fəaliyyəti və əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Ötən il Rusiyaya səfəri zamanı Rusiya Dövlət Kitabxanası və Yeltsin adına Prezident Kitabxanasında keçirilən görüşlər barədə məlumat verən MEK-in direktoru rusiyalı həmkarlarının kitabxana idarəetməsi, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində təcrübələri ilə tanış olduğunu xatırladıb. L.İmanova Rusiyanın tanınmış kitabxanalarının təşkil etdiyi müxtəlif elmi-mədəni tədbirlərdə, həyata keçirdiyi proqramlarda MEK-in iştirakı, həmçinin hər iki ölkənin mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanışlığa yönələn müştərək layihələrin reallaşdırılması və ümumilikdə işgüzar münasibətlərin genişləndirilməsində səfirliyin dəstəyinin zəruri olduğunu bildirib.
A.Qladkov qarşılıqlı əməkdaşlıq təşəbbüsünü yüksək dəyərləndirib. Rusiya-Azərbaycan münasibətlərindən söz açan qonaq elm, təhsil və mədəniyyət sahəsində ikitərəfli əlaqələrin gündən-günə genişləndiyini deyib. O, hər iki ölkənin elmi təşkilatları arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılmasında görüşün əhəmiyyətindən danışıb.
Görüşdə Rusiya kitabxanaları və MEK arasında kitab mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Mübadilənin hər iki ölkənin elmi kitabxana fondlarının zənginləşməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sonra qonaq kitabxananın fondları ilə tanış olub. Nadir kitablar fondunda Qafqaz mədəniyyəti, tarixi və arxeologiyasına dair ötən əsrlərə aid nəşrlər, Rus Ədəbiyyatı fondunda rus klassiklərinin əsərləri, müxtəlif dövrlərin nəşri olan poeziya nümunələri qonağın marağına səbəb olub. A.Qladkov kitabxananın rus ədəbiyyatına və mədəniyyətinə olan diqqət və qayğısını yüksək qiymətləndirib.