İDMAN
Ruslan Lunyov: İslamiadada qələbələrimi valideynlərimə həsr edirəm
Bakı, 16 may, Əziz Məmmədov, AZƏRTAC
Əlbəttə, istənilən iddialı idmançı böyük yarışlarda daha çox medal qazanmağı qarşısına məqsəd qoyur. IV İslam Həmrəyliyi Oyunlarına məqsədyönlü hazırlaşdım, çünki bu yarış Vətəndə keçirilir və istəyirsən ki, ən yüksək səviyyədə çıxış edəsən. Çox şadam ki, İslamiadada bu günə qədər iştirak etdiyim hər üç növdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxdım. Mən valideynlərimə təşəkkürümü bildirmək istəyirəm. İslamiadadakı qələbələrimi onlara həsr edirəm.
Bu fikirləri “Bakı-2017”nin atıcılıq üzrə üçqat çempionu Ruslan Lunyov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
“İdmançılar ailəsində dünyaya göz açmışam. Anam İradə Aşumova Afinada keçirilmiş 2004-cü il Olimpiya Oyunlarının bürünc medalçısı, atam Vladimir Lunyov isə onun şəxsi məşqçisi və yığmanın məşqçisidir. Atam həm də mənim məşqçimdir. Təbii ki, ailədə müsbət nümunə olarsa, həyat yolunu seçmək daha asandır. Odur ki, mən də anam kimi Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməyi arzulayıram. Bundan başqa, məşqçi heyətinin işini xüsusilə vurğulamaq istəyirəm. İslamiadada qələbə ümumi gərgin əməyin nəticəsidir. Mən, həmçinin göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Bu dəstək həlledici anlarda məni daha da ruhlandırdı”, - deyə Ruslan Lunyov bildirib.