ELM VƏ TƏHSİL
“SABAH II Tələbə Debat Forumu”nun final oyunu və mükafatlandırma mərasimi keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
ADPU-dan AZƏRTAC-a bildirilib ki, “SABAH II Tələbə Debat Forumu”nda iştirak edən 15 komanda 3 qrup oyunu keçirib. Final mərhələsinə Azərbaycan Dövlət İqtisad Universitetinin “Creativ buddies” və “Enigma” komandaları çıxıblar. Bu komandalar “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” mövzusunda biliklərini sınayıblar. Finalda daha yaxşı bilik nümayiş etdirən “Creativ buddies” komandası qalib gəlib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, gənclər cəmiyyətin fəal və aparıcı qüvvəsidir. Azərbaycan gəncləri arasında savadlı, bilikli, bacarıqlılar kifayət qədərdir və bu, bizi çox sevindirir. Belə debatlar gənclərə fikir mübadiləsi aparmaq bacarığı, polemika mədəniyyəti aşılayır. Rektor tələbələrə fəaliyyətlərini daha da genişləndirməyi, daim təşəbbüskar, yenilikçi olmağı tövsiyə edib.
Forumda Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək debatların insanın şəxsi inkişafında, natiqlik mədəniyyətinin formalaşmasında, qarşı tərəfin fikrinə hörmətlə yanaşmasında mühüm rol oynadığını bildirərək tələbə-gənclərə uğurlar arzulayıblar.
Sonda qaliblərə medal, kubok və sertifikatlar təqdim edilib.