ELM VƏ TƏHSİL
“SABAH” Karyera Qış Məktəbində təlimlər başa çatıb
Bakı, 21 fevral, AZƏRTAC
“SABAH” Karyera Akademiyası proqramı çərçivəsində Qubada keçirilən “SABAH” Karyera Qış Məktəbi layihəsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan “SABAH” tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq olub.
Yüzə yaxın tələbənin qatıldığı təlimlərdə iştirakçılar şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi, karyera planlaşdırılması, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib. Həmçinin tələbələr “Code Da Vinci” məntiqi intellektual komanda quruculuğu oyunu əsasında yaradılmış, milli oyun brendi olan “Code Tusi” oyununda iştirak ediblər.
Maraqlı və gərgin keçən məntiqi intellektual oyunda cavabları ən tez tapan komandanın qaliblərinə “Code Tusi”nin medalları təqdim olunub.
Təlimlərin sonunda təlimçilərə “SABAH” qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib.
İlk “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan “SABAH” Karyera Akademiyası peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla dörd istiqaməti əhatə edir.
“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. “SABAH” layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.
Hazırda “SABAH” qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq “SABAH” tələbəsi məzun olacaq.