ELM VƏ TƏHSİL
“SABAH-ın könüllüsü” “Bakı-2015” I Avropa Oyunlarına dəstək tədbirlərini davam etdirir
Bakı, 27 aprel, AZƏRTAC
“SABAH-ın könüllüsü” tərəfindən yeddi ali təhsil müəssisəsində “Bakı-2015” I Avropa Oyunlarına dəstək tədbirləri davam etdirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “SABAH Könüllü Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin “SABAH” qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edir.
“SABAH-ın könüllüsü”nün ideyaları əsasında təşkil olunan idman və intellektual yarışlar, müsabiqə, aksiya “flashmob”lar “Bakı-2015” I Avropa Oyunlarına dəstək xarakteri daşıyır.
Təhsildən ayrılmadan təşkil olunan tədbirlər tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların təşkilatçılıq və idarəçilik bacarıqlarının, yaradıcı təfəkkürünün inkişafına imkan yaradacaq.
“SABAH-ın könüllüsü” olmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu ünvanına müraciət etmək lazımdır.
“SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (www.sabah.edu.gov.az) və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək olar.
“SABAH Könüllü Həftəsi” haqqında ətraflı məlumatı https://www.facebook.com/events/871517992903740/ ünvanından əldə etmək mümkündür.
“SABAH” qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda “SABAH” qrupları qeyd olunan ali təhsil müəssisələrində 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.