ELM VƏ TƏHSİL
“SABAH” qruplarının tələbələri AMEA-da təcrübə keçəcəklər
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarında təhsil alan tələbələrdən 210-u akademiyanın elmi müəssisələrində təcrübə keçəcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın müəyyənləşdirdiyi təcrübəkeçmə planına uyğun olaraq, “SABAH” qruplarında təhsil alan tələbələr sırasından seçilmiş 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən bu elmi quruma təqdim edilib. AMEA-nın prezidentinin 2016-cı il 25 noyabr tarixli sərəncamı ilə “SABAH” qruplarında təhsil alan tələbələrin akademiyanın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiqlənib. Plana əsasən, tələbələr müvafiq ixtisaslar üzrə cari il dekabrın 1-dən 2017-ci il mayın 31-dək AMEA-nın 21 elmi müəssisəsində, eləcə də akademiyanın elm və təhsil idarəsində təcrübə keçəcəklər.