ELM VƏ TƏHSİL
“SABAH” qruplarının tələbələri “Azercell Telekom”da təcrübə keçirlər
Bakı, 10 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində “SABAH”ın 10 nəfər tələbəsi qeyd olunan şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı qazanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin “SABAH” qruplarında təhsil alan tələbələr ixtisas sahələri istiqamətində iki ay müddətində şirkətdə təcrübə keçəcəklər. Təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, mentorlarla birgə işləyəcək və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.
Təcrübə proqramının ilk günü keçirilmiş görüşdə “Azercell Telekom” şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin “SABAH” qruplarının nümayəndələri də iştirak ediblər. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyələr vermək olub.