ELM VƏ TƏHSİL
“SABAH” qruplarının tələbələri Londonda yay məktəbində iştirak ediblər
Bakı, 11 avqust, AZƏRTAC
“SABAH” qruplarının tələbələri iyulun 31-dən avqustun 7-dək Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yay məktəbində iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, akademik göstəriciləri və müsahibə nəticələri yüksək olan “SABAH” qruplarının 10 tələbəsi Londonda intensiv ingilis dili kursunda iştirak etməklə dil biliklərini, eyni zamanda, dünyagörüşlərini genişləndirmək imkanı qazanıblar. Yay məktəbində “SABAH” tələbələri dünyanın bir sıra ölkələrindən tələbə və müəllimlərlə tanış olublar. Sonda tələbələrə sertifikatlar təqdim edilib.
Asudə vaxtlarında tələbələr Londonun tarixi-mədəni yerlərini görmək imkanı əldə ediblər.
Proqramın məqsədi əmək bazarının artan tələblərinə müvafiq olaraq, “SABAH” qruplarının tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirməkdən ibarətdir.
Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yeddi ali təhsil müəssisəsində yaradılan, hazırda on bir ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən “SABAH” qrupları ali təhsil sistemində ən aparıcı layihələrdəndir.