ELM VƏ TƏHSİL
“SABAH” qruplarının tələbələri üçün güzəştli dil kursları təşkil ediləcək
Bakı, 14 aprel, AZƏRTAC
“SABAH” qrupları təkcə tədrisin keyfiyyətini qaldırmaqla deyil, həm də tələbələrin akademik fəaliyyətlərini inkişaf etdirə bilmələri üçün geniş imkanlar yaradır. Bu dil kursları “SABAH” qruplarının tələbələri üçün xüsusi şərtlərlə güzəştli xidmət təklif edir.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SABAH” qruplarının tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkil etdiyi güzəştli dil kursları ilə bağlı təqdimat mərasimində “SABAH” qrupları İcra komitəsinin rəhbəri Şahin Seyidzadə deyib.
Alman dilinin tələbələrin öz karyeralarını peşəkar səviyyədə inkişaf etdirə bilmələri üçün vasitə olduğunu söyləyən Ş.Seyidzadə bu dili öyrənməklə tələbələrin öz gələcəklərinə investisiya qoymaq imkanı qazanacaqlarını bildirib.
Təhsilin insan həyatında geniş imkanlar açdığını deyən DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin rəhbəri Stefani Düfo yay məktəbləri, dil kursları və təqaüd proqramları haqqında tələbələrə məlumat verib.
Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva, DAAD-ın əməkdaşı Rəna Hüseynova Almaniyada təhsil, dil kursları və tələbələrə təklif edilən güzəştli kurslar barədə təqdimatla çıxış ediblər.