ELM VƏ TƏHSİL
“SABAH” qrupunun tələbəsi “Lomonosov” beynəlxalq elmi forumunun sertifikatına layiq görülüb
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsi “SABAH” qrupunun üçüncü kurs tələbəsi Erkin Musayev Moskva Dövlət Universitetində (MDU) tələbələrin, aspirantların və gənc alimlərin ənənəvi “Lomonosov” beynəlxalq elmi forumunda iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan MDU-nun rektoru, akademik Viktor Sadovniçi forumun keçirilməsi ideyasının ötən əsrin 90-cı illərində yarandığını, forum çərçivəsində indiyədək dünyanın 70 ölkəsindən yüz mindən artıq gəncin Moskva Dövlət Universitetində olduğunu söyləyib. Gənclərin öz həyatlarını yeni elmi kəşflərə həsr etmələrindən məmnunluq ifadə edən V.Sadovniçi konfrans iştirakçılarına maraqlı elmi diskussiyalar arzulayıb.
Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini, MDU-nun hüquq fakültəsinin məzunu İ.Şuvalov istirakçıları təbrik edib, onlara öz kəşflərinin həyata keçirilməsinə nail olmaları istiqamətində tövsiyələrini verib.
Sonra forum işini bölmələrdə davam etdirib.
E.Musayev “Hüquq elmləri” bölməsinin “Dövlət və hüquq nəzəriyyəsi” altbölməsində ingilis dilində məruzə ilə çıxış edib.
Maraqlı elmi diskussiya şəraitində keçən çıxışına görə E.Musayev “Lomonosov” beynəlxalq elmi forumunun xüsusi sertifikatına və xatirə hədiyyəsinə layiq görülüb.
Qeyd edək ki, foruma Rusiya Federasiyasının 85 regionundan və dünyanın 42 ölkəsindən gənc alim və tədqiqatçılar qatılıblar. Tədbir çərçivəsində müasir fundamental və tətbiqi elmlərin əsas istiqamətlərini əks etdirən 37 bölmə və 360 altbölmə fəaliyyət göstərib.