ELM VƏ TƏHSİL


“SABAH”ın müəllimi” - ali məktəb müəllimlərinin birinci forumu

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Bakıda ali məktəb müəllimlərinin “SABAH”ın müəllimi” adlı birinci forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin “SABAH” qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən, Böyük Britaniyanın “British Council” təşkilatı və digər müvafiq beynəlxalq qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə müasir dünyada təhsilin mühüm rolundan danışıb. Qeyd olunub ki, forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparmaları və ali təhsilin müasir trendlərinin müzakirə edilməsidir.

Forumda “SABAH” müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb və bu sənədə uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına cavab verən və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib.

Nazir müavini forumun “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni rəhbər tutmaqla, müəllimləri qlobal meyillərə uyğun olaraq yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək göstərmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.

“SABAH” qruplarında təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərin səmərəliliyindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından bəhs edən C.Bayramov bildirib ki, son üç ildə “SABAH” qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı dörd dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris ili üçün bu rəqəm 1790-a çatıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, “Microsoft” Korporasiyasının MDB ölkələri üzrə baş direktoru Ronald Binkofski və digər çıxış edənlər də təhsilin inkişafı, “SABAH” qrupları ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Forum işini “Təhsildə beynəlxalq trendlər və imkanlar” paneli üzrə davam etdirib. Sessiyada müvafiq qurumların nümayəndələrinin çıxışları dinlənilib. “Müasir trend və çağırışlar” sessiyasında da müzakirələr aparılıb.

“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılıb. “SABAH” layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda “SABAH” qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2 min 300-dən artıq tələbəni və 600-dən çox müəllimi əhatə edir. Bu tədris ilində 740-dan çox “SABAH” tələbəsi məzun olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.