DÜNYA
SƏDDAM HÜSEYN ÜZƏRİNDƏ MƏHKƏMƏNİN VİDEOYAZISI GÖSTƏRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Röyter Agentliyinin yaydığı məlumata görə, İraq televiziyası sabiq prezident Səddam Hüseynin işi üzrə məhkəmə dinləmələrindən videoçəkilişi göstərmişdir. O, heydən düşmüş və yorğun görünür, üz-gözünü saç-saqqal basmışdır. İraqın keçmiş başçısı ağ köynək üstündən boz gödəkçə geymişdir. Dinləmələrdə hakimə əl-qol hərəkətləri ilə nəsə demək istəyir, onu hətta bir neçə dəfə barmaqla hədələyir.
Bu, Səddam Hüseynin ötən ilin dekabrında tutulduğunu əks etdirən fotoşəkil və reportajlardan sonra onun ilk videoyazısıdır.
Sabiq diktatorun məhkəmə dinləmələri əvvəllər onun prezident sarayının yerləşdiyi binada keçirilir. O, məhkəmə binasına çevrilən öz keçmiş sarayına əliqandallı gətirilmişdir.
İttihamnamənin yeddi bəndi oxunduqdan sonra o demişdir: “Mən Səddam Hüseynəm, İraq prezidentiyəm”. Bundan sonra sabiq dövlət başçısı ona qarşı irəli sürülən ittihamları rədd etmişdir.