DÜNYA
SƏFİRLİKDƏ NOVRUZ ŞƏNLİYİ
Azərbaycanın Özbəkistandakı səfirliyində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilmişdir. Şənlikdə Azərbaycan mədəniyyət mərkəzinin rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri, Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov şənliyə toplaşanları əziz bayram münasibətilə təbrik edərək demişdir: - Novruz xalqımızın ən əziz bayramıdır. Harada yaşamasından asılı olmayaraq soydaşlarımız bu bayramı sevinc, fərəh hissi ilə qeyd edirlər. Mənim uşaqlığım Qazaxıstanda keçib. Yaşadığımız Kirovsk qəsəbəsində azərbaycanlı çox idi. Sürgünə gələnlərin üstündə xüsusi nəzarət qoyulmuşdu. Bütün qadağalara baxmayaraq, hər kəs öz ocağının başında Novruz bayramını dədə-baba qaydası ilə qeyd edirdi.
Sonra səfir Azərbaycan mədəniyyət mərkəzinin və məscidin tikintisindən danışmışdır. Maddi yardıma görə mərasimə toplaşanlara minnətdarlığını bildirən səfir demişdir: - Mədəniyyət mərkəzinin ikinci mərtəbəsi də qurtarmaq üzrədir. Məsciddə isə işlər yarıya çatdırılıb. Ümid edirəm ki, gələn Novruz bayramını yeni mədəniyyət mərkəzində qeyd edəcəyik.
Bayram süfrəsi arxasında söhbət bir neçə saat davam etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd