ELM VƏ TƏHSİL
ŞAHBUZ QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirmişlər ki, Şahbuz Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.
Eneolit, tunc, ilk dəmir dövrü, antik və orta əsr yaşayış yerləri və qəbir abidələrin mövcudluğu göstərir ki, Şahbuz bölgəsində həyat bütün tarixi dövrlərdə ardıcıl davam etmişdir. Arxeoloji materialların təhlilindən aydın olur ki, Sarı Dərə adlanan yer yaşayış məskəni kimi hələ eramızdan əvvəl XI-VI əsrlərdə mövcud olmuşdur.
Bu barədə tədqiqat aparan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev, tarix elmləri namizədləri Səfər Aşurov, Əkbər Bədəlov, memarlıq doktoru Vilayət Kərimov, habelə tarix elmləri doktoru Əziz Novruzlu və tarix elmləri namizədi Vəli Baxşəliyev rayonun ərazisində Şapurqala, Şahbuz, Köhnə Qala, Ağdaban yaşayış yeri, Kolanı və Külüz qədim qəbiristanlıqları, Fərhad evi abidəsi, Kükü monastr kompleksi, Keçili antik dövr abidəsi və sairənin qədim yaşayış məskənləri olduğunu qeyd edirlər. Alimlər bu qənaətə gəliblər ki, bu torpaqlarda ata-babalarımız bütün tarixi dövrlərdə yaşamışlar. Bu dağların o tayında başqa millətə mənsub olan xalqlar yaşamayıblar.
Tədqiqatçıların fikrincə Kükü, Kolanı, Qızılqışlaq, Keçili, Mahmudoba, Biçənək yaşayış məntəqələri rayonun ən qədim kəndlərindəndir.
Fərhad evi, Kükü və II Sarıdərə nekropolları və sair qəbir-abidələr də yurdumuzun şərəfli tarixini çox uzaq əsrlərə, minilliklərə aparıb çıxarır.