İQTİSADİYYAT
“ŞAHDƏNİZ” LAYİHƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİNƏ BAŞLANMASI BARƏDƏ QƏRAR QƏBUL EDİLMİŞDİR
Fevralın 27-də Bakıda “Şahdəniz” layihəsinin iştirakçıları-ARDNŞ, bp, Statoyl, LUKAcip, TotalFinaElf, TPAO, NİKO şirkətləri Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimovun iştirakı ilə “Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz- kondensat yatağının işlənməsi layihəsinin” birinci mərhələsi çərçivəsində tikinti işlərinə başlamaq barədə qərar qəbul etmişlər.
Məlum olduğu kimi, bu qaz layihəsində pay iştirakı belə bölünmüşdür: bp (operator-25,5 faiz), Statoyl (25,5 faiz), ARDNŞ (10 faiz), LUKAcip (10 faiz), NİKO (10 faiz), TotalFinaElf (10 faiz) və TPAO (9 faiz).
1-ci mərhələdə ehtiyatların həcmi 178 milyard kubmetr qaz və 34 milyon ton kondensatdır. “Şahdəniz” yatağından çıxarıla bilən ehtiyatlar 625 milyard kubmetr qaz və 101 milyon ton kondensat təşkil edir. Bundan başqa, dərin laylarda daha böyük karbohidrogen ehtiyatları vardır. Yatağın tam hasilat potensialı ildə təxminən 16 milyard kubmetrdir ki, buna da sonrakı işlənmə mərhələlərində nail ol mümkündür.
Birinci mərhələyə ümumi sərmayə qoyuluşu 3,2 milyard dollar olmaqla həm işlənmə və hasilat, həm də nəqletmə sahəsini əhatə edən iki layihə daxildir. Nəqletmə layihəsi yeni qaz ixracı sisteminin - uzunluğu 690 kilometr olan (442 kilometr Azərbaycanda və 248 kilometr Gürcüstanda) Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) tikintisini nəzərdə tutur. Bu kəmər Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri ilə birgə tikiləcəkdir.
Tikinti işləri 2004-cü ilin ortalarında başlanacaq və nəzərdə tutulmuş vaxtda - 2006-cı ildə ilk qazın Türkiyə bazarına nəqli ilə başa çatacaqdır. Nəqletmə üzrə layihə çərçivəsində sərmayələrin ümumi həcmi 900 milyon dollardır.
Ətraf və sosial mühitə təsirin üçqat qiymətləndirilməsi hazırlanmışdır - biri CQBK-nın Azərbaycan sahəsi, ikincisi bu boru kəmərinin Gürcüstan ərazisindən keçən sahəsi, üçüncüsi isə dəniz və sahil qurğularını əhatə edən sahə üçün. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi 2002-ci ildə müvafiq sənədlər qəbul etmişlər.