DÜNYA
“ŞAHDƏNİZ” LAYİHƏSİ ÜZRƏ TƏRƏFDAŞLAR GÜRCÜSTAN HÖKUMƏTİ İLƏ SAZİŞ İMZALAMIŞLAR
Martın 14-də Tbilisidə “Şahdəniz” layihəsi üzrə tərəfdaşlar tranzit ərazisinin sahibi olan ölkə kimi Gürcüstanın hökuməti ilə saziş imzalamışlar.
Gürcüstan Prezidenti Eduard Şevardnadze mərasimi açaraq, bütün iştirakçıları və qonaqları bu əlamətdar hadisə münasibətilə təbrik etdi, “Şahdəniz” yatağından çıxarılacaq qazın məhz Gürcüstan ərazisi ilə nəql edilməsi üçün Azərbaycan Prezidenti Heydər Əliyevin göstərdiyi qətiyyətdən danışdı və ona dərin minnətdarlığını bildirərək bəyan etdi ki, gürcü xalqı onun təəssübkeşi olan Azərbaycan rəhbərinin bu qayğısını və yaxşılığını heç zaman unutmayacaqdır.
Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin, dövlət naziri Avtandil Corbenidzenin və digər rəsmi şəxslərin də iştirak etdikləri imzalama mərasimində bildirildi ki, həmin saziş tranzit ərazisinin sahibi kimi Gürcstanın parlamenti tərəfindən bu yaxınlarda böyük səs çoxluğu ilə ratifikasiya olunmuşdur.
Mərasimdə Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya çıxış edərək dedi ki, Gürcüstan bu sazişin imzalanmasını alqışlayır. O, əlamətdar hadisə münasibətilə Gürcüstan və Azərbaycan prezidentlərini və hökumətlərini, bp şirkətini və “Şahdəniz” layihəsi üzrə tərəfdaşları təbrik etdi. Cənab Çanturiya “Şahdəniz” yatağından hasil ediləcək qazın Türkiyəyə nəqlinin öz ölkəsinin gələcəyi və gürcü xalqının rifahının yaxşılaşması üçün böyük əhəmiyyəti olduğunu vurğuladı və buna görə Azərbaycan Prezidenti Heydər Əliyevə xüsusi minnətdarlığını bildirərək dedi ki, bu gün imzalanmış saziş prezidentlər Eduard Şevardnadzenin və Heydər Əliyevin ötən ilin sentyabrında imzaladıqları hökumətlərarası sazişin məntiqi davamıdır.
ARDNŞ-in prezidenti Natiq Əliyev indi Cənubi Qafqaz boru kəməri adlandırılan Bakı-Tbilisi-Ərzurum layihəsinin işlənib hazırlanması barədə məlumat verdi və Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri kimi, bu layihənin də ərsəyə gətirilməsində dövlətimizin başçısı Heydər Əliyevin göstərdiyi qətiyyəti xüsusi vurğuladı. O bildirdi ki, sazişin imzalanması cari ildə başlanacaq tikinti işlərinin həyata keçirilməsində daha bir addımdır və 2005-ci ildə Gürcüstana və Türkiyəyə ilk qazın nəqlinə imkan yaradacaqdır. Natiq Əliyev Prezident Heydər Əliyevin “Azərbaycanın neft strategiyası” adlı ikicildlik kitabını Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə təqdim etdi.
“bp Azərbaycan” şirkətinin prezidenti Deyvid Vudvord Gürcüstan hökuməti ilə imzalanmış bu sazişi dünya səviyyəli “Şahdəniz” yatağının işlənilməsinə yol açan daha bir mühüm sənəd adlandırdı. O, layihə üzrə tərəfdaşların bundan sonra da sıx əməkdaşlıq edəcəyinə və boru kəmərinin nəzərdə tutulan vaxtda çəkilib başa çatdırılacağına ümid bəslədiyini söylədi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi