MƏDƏNİYYƏT
SƏMƏRQƏNDDƏ SOYDAŞIMIZIN SƏRGİSİ
Səmərqənddəki Xarici Dillər İnstitutunun bədii qalereyasında bu şəhərdə yaşayan soydaşımız Yaqut Əliyevanın fərdi sərgisi keçirilmişdir. Bir ay çəkən sərgidə rəssamın 50-yə yaxın rəngkarlıq əsəri nümayiş etdirilmişdir. Şəhərin mədəni həyatında hadisə adlandırılan bu sərgiyə şəhər sakinləri ilə bərabər Səmərqəndin qonaqları da böyük maraq göstərmişlər.
Yaqut Əliyevanın əsərlərində Azərbaycan mövzusu xüsusi yer tutur. Azərbaycan nağıllarına çəkilmiş illüstrasiyalar rəssamın yaradıcılığında qırmızı xətlə keçir. Portret janrında işlədiyi tablolar da sərgiyə gələnlərin diqqətini cəlb etmişdir.
Səmərqənddəki Azərbaycan mədəniyyət mərkəzinin sədri Səxavət Ociyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: - Bu ailə ilə çoxdan tanışam. Yaqutun atası mərhum Eynulla Əliyev Özbəkistanda tanınmış rəssam olub. Uzun müddət Özbəkistan Rəssamlar İttifaqı Səmərqənd filialına başçılıq edib. Yaqutun anası və qardaşı da rəssamdır.
Mən çox şadam ki, həmyerlimizin sərgisi belə yüksək səviyyədə keçdi. Hər gün buraya yüzlərlə adam gəlirdi. Onların da əksəriyyəti xarici qonaqlar idi. Arzu edirəm ki, Yaqut Əliyevanın sərgiləri doğma Azərbaycanda da keçirilsin.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
SƏMƏRQƏND