SİYASƏT
SAMUEL UİMS AZƏRBAYCAN YAZIÇILARI İLƏ GÖRÜŞMÜŞDÜR
Xəbər verdiyimiz kimi, tanınmış Amerika yazıçısı və hüquqşünası, “Ermənistan: böyük hiylə - terrorçu “xristian” dövlətinin sirləri” kitabının müəllifi Samuel Uims “Sahil” İnformasiya və Tədqiqat Mərkəzinin dəvəti ilə Bakıya gəlmişdir.
Avqustun 30-da Yazıçılar Birliyində o, Azərbaycan yazıçıları ilə görüşmüşdür. Birliyin sədri, xalq yazıçısı Anar görüşü açaraq, qonağı səmimiyyətlə salamladı, Qərb ölkələrində Azərbaycan haqda müsbət rəy yaradılmasına sanballı töhfəsinə görə ona təşəkkürünü bildirdi.
Samuel Uims elmi araşdırmalarından söhbət açaraq, özünün xristian dininə mənsubiyyətindən və hörmətindən danışdı. Bununla yanaşı, yazıçı ermənilərin dindən tez-tez siyasi vasitə kimi istifadə etdiklərini vurğuluyaraq bildirdi ki, erməni terrorçularının törətdikləri bir çox əməllərin arxasında Eçmiədzin durur.
Amerika yazıçısının fikrincə, “erməni soyqırımı” erməni kilsəsinin uydurduğu əfsanədir. Samuel Uims öz elmi araşdırmalarında aşkara çıxarmışdır ki, İkinci dünya müharibəsi başlanmazdan əvvəl ermənilər Adolf Hitler ilə sıx əməkdaşlıq edir və onu inandırmağa çalışırdılar ki, guya ermənilər ali ari irqinə mənsubdurlar. Eyni zamanda, yüz minlərlə erməni rejxin qoşunları sırasında vuruşmuş və nasistlərdən çox şey öyrənmişlər.
Samuel Uimsin kitabı 5 min nüsxə tirajla çapdan çıxmış və bir neçə gün içində satılıb qurtarmışdır. İndi əsərin ümummilli tirajla növbəti nəşri hazırlanır.
Hazırda yazıçı ermənilərin nasistlərlə əlaqələrini ifşa edən yeni kitab üzərində işləyir. Samuel Uims bildirdi ki, bu cür yazılara görə ermənilər ona dəfələrlə hədə-qorxu gəlmişlər, lakin o, buna əsla əhəmiyyət verməmişdir.
Yazıçı dedi:
-Bu gün ABŞ-da 70-dək nüfuzlu alim “erməni soyqırımı”nı erməni lobbisinin uydurması hesab edir. Ermənilərin Qərbdə uğurları isə siyasətçilərin rüşvətlə ələ alınmasına böyük məbləğdə vəsait sərf etməsi ilə bağlıdır. Bütün bunlara baxmayaraq, zəngin təbii ehtiyatları olmayan və iqtisadi böhran içində çapalayan Ermənistan dövləti ABŞ-ın Erməni Assambleyasının dəstəklənməsinə hər il 8 milyon dollar sərf edir.
Samuel Uims erməni lobbisinin Amerika siyasətçilərini rüşvətlə ələ almasına misal olaraq konqresmen Frenk Palloneni nümunə göstərdi. Yazıçının fikrincə, indi Ermənistanın ABŞ üçün heç bir əhəmiyyəti yoxdur, halbuki belə bir şəraitdə Türkiyə və Azərbaycan Birləşmiş Ştatların strateji tərəfdaşları ola bilər və olmalıdırlar.
Görüşün sonunda Anar qonağa Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü vəsiqəsini təqdim etdi.