ELM VƏ TƏHSİL
“ŞƏRQDƏ PEDAQOGİKA TARİXİ”
“Nasir” nəşriyyatı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dədə Qorqud elmi mərkəzinin pedaqoji-psixoloji-fəlsəfi araşdırmalar bölməsinin müdiri, Beynəlxalq Pedaqogika Akademiyasının (Moskva) həqiqi üzvü Fərrux Rüstəmovun “Şərqdə pedaqogika tarixi” kitabını çapdan buraxmışdır.
Əsərdə qədim dövrdə və orta əsrlərdə Şərqdə tərbiyənin mütəşəkkil formalarının yaranması, şumerlərin, hindlilərin, elamlıların, türklərin təlim-tərbiyə sahəsindəki zəngin təcrübələri araşdırılır, islam mədəniyyəti Şərq pedaqoji fikrinin mühüm qaynağı kimi təhlil olunur.
Pedaqogika tarixi ilə məşğul olan tədqiqatçıların XX əsrin axırlarına kimi demək olar ki, yalnız Avropa pedaqoji fikrinin araşdırılması ilə məşğul olduqlarını, sivilizasiyanın beşiyi sayılan Şərqin zəngin ənənələrinin isə diqqətdən kənarda qaldığını nəzərə alsaq, F.Rüstəmovun bu kitabının nəşri həmin boşluğun aradan qaldırılması sahəsində əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilməlidir. İki fəsildən ibarət kitabda orta əsrlərdə Şərqdə məktəb və pedaqoji fikir məsələlərinə daha geniş yer verilmişdir. Kitabın elmi redaktoru Beynəlxalq Pedaqogika Akademiyasının akademiki Hüseyn Əhmədovdur.